SİYASƏT
ŞƏKİDƏ SEÇKİLƏRƏ HAZIRLIQ BAŞA ÇATMIŞDIR
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasından aldığımız məlumata görə, dairə üzrə 27 seçki məntəqəsinin hər birinə 3 ədəd olmaqla, 81 ədəd mürəkkəb balonu və hərəsinə bir ədəd ultrabənövşəyi lampa verilmişdir. Səsvermə günü seçkilərin gedişini 480 nəfər yerli müşahidəçi və 27 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü izləyəcəkdir. Dairə üzrə Milli Məclis üzvlüyünə yeganə vəsiqə uğrunda 14 namizəd mübarizə aparır. Seçki məntəqələrində vətəndaşların azad və demokratik səs verməsi üçün hər cür şərait yaradılmışdır.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, namizədliyi qeydə alınmış 8 iddiaçıdan 2-si artıq mübarizədən geri çəkilmişdir. Səsvermədə 35 min 460 nəfər seçicinin iştirakı gözlənilir. Seçki günü səsvermənin gedişini izləmək üçün 245 nəfər müşahidəçiyə vəsiqə verilmiş, 80 nəfər isə məşvərətçi səslə komissiyanın tərkibinə daxil edilmişdir. Dairə üzrə 40 seçki məntəqəsinin hər birinə bir ədəd ultrabənövşəyi lampa və ümumilikdə 88 ədəd mürəkkəb balonu verilmişdir.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, 11 namizədin və 34 min 61 seçicinin qeydə alındığı bu dairədə səsvermənin gedişini 308 nəfər yerli müşahidəçi və 146 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü izləyəcəkdir. Dairənin tərkibinə daxil olan 42 seçki məntəqəsindən 15-də “exit-pol”un keçirilməsi nəzərdə tutulur. Prezidentin son Sərəncamına uyğun olaraq, səsvermənin şəffaf və demokratik keçirilməsi üçün dairənin seçki məntəqələri ümumilikdə 91 ədəd mürəkkəb balonu və 42 ədəd ultrabənövşəyi lampa ilə təchiz edilmişdir.