REGİONLAR
ŞƏKİLİ FERMERLƏR DAMAZLIQ İŞİNİN TƏŞKİLİNƏ DİQQƏTİ ARTIRIRLAR
Şəki, 13 avqust (AZƏRTAC). Son illər Şəki rayonunun fermer təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Şəhər icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda rayonda Elmi Tədqiqat Heyvandarlıq İnstitutu Şəki dayaq məntəqəsinin mütəxəssisləri də daxil olmaqla, 12 süni mayalama texniki fəaliyyət göstərir. Bu mütəxəssislər müvafiq kurslarda təlimlər keçmiş, eyni zamanda, zəruri texniki avadanlıqla təchiz olunmuşlar. 2010-cu ilin 7 ayında texniklər tərəfindən rayonda 1373 baş heyvan süni mayalandırılmışdır. Ötən il süni mayalandırılmış heyvanlardan 476 baş cins buzov əldə edilmişdir. Ümumiyyətlə, son 3 ildə rayonda 5 min 380 baş mal-qara süni yolla mayalandırılmış, 2 min başdan çox cins buzov alınmışdır.
Hazırda rayonun təsərrüfatlarında 86 min 132 baş mal-qara, 382 min 355 baş davar saxlanılır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 1 min 224 baş, davarların sayı isə 22 min 850 baş artmışdır.
Rayonun heyvandarları növbəti qışlamaya ciddi hazırlaşırlar. İndiyədək 121 min 830 ton qaba yem, o cümlədən 62 min 80 ton quru ot, 59 min 750 ton küləş tədarük edilmişdir. Təsərrüfatlarda yem tədarükü davam edir.