İQTİSADİYYAT
ŞƏKİNİN SU VƏ KANALİZASİYA SİSTEMİ YENİDƏN QURULACAQDIR
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də 2004-2007-ci illərdə Şəki şəhərinin, rayonun bəzi yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulmasıdır.
Şəki icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərin su xətləri axırıncı dəfə 40 il əvvəl yenidən qurulmuşdur və hazırda tələbatı tam ödəmir. Eyni zamanda, şəhərin kanalizasiya təmizləmə qurğusu da uzun illər istismarda olduğundan yararsız vəziyyətə düşmüşdür. Bu xətlərin 35 kilometrlik hissəsinin əsaslı təmirə və ya tam təzələnməsinə ehtiyac yaranmışdır.
Rayonun Dəhnələr, Turan, Sarıca, Qaratorpaq zonalarında yerləşən və 14 kəndi əhatə edən əraziyə yaxın illərdə yeni su xəttinin çəkilməsi nəticəsində isə burada yaşayan 27 min nəfərə yaxın əhalinin içməli suya ehtiyacı tam ödəniləcəkdir.