MƏDƏNİYYƏT
ŞƏKİ SƏNƏTKARLARININ ƏL İŞLƏRİNDƏN İBARƏT KATALOQ HAZIRLANACAQ
Şəki sənətkarlarının əl işlərinin xarici bazarlara çıxarılması, onların satışının təşkili heç şübhəsiz insanların maddi durumunun yaxşılaşmasında mühüm rol oynaya bilər.
Mədəni İrsin Qorunması Layihəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər yeni “İnkişaf Proqramı” çərçivəsində bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Onlardan biri Şəki sənətkarlarının əl işlərindən ibarət kataloqun hazırlanmasıdır. Kataloqun nəşri Azərbaycan xalq sənəti nümunələrini beynəlxalq aləmdə tanıtmaqdan əlavə, həm də onlara xarici bazarlarda tələbatı öyrənməyə imkan yaradacaq.
Işçi qrupundan onu da demişlər ki, bu məqsədlə mütəxəssislər dəvət olunacaq, onlar hansı məhsulu xarici bazara çıxarmaq barədə rəy verəcəklər. Həmin məhsulların sırasına dulusçuluq, ağac üzərində oyma, dəmir üzərində döymə, əllə toxunan xalçalar, tikmələr və sair daxildir.