İQTİSADİYYAT
ŞƏKİ TEZLİKLƏ BÖLGƏNİN SƏNAYE MƏRKƏZİNƏ ÇEVRİLƏCƏK
İcra hakimiyyətinin perspektiv tədbirlər proqramında 2006-2008-ci illərdə Şəkidə gündəlik emal gücü 250 ton olan şəkər çuğunduru zavodunun, xarici sərmayədarların yaxından köməyi ilə dəyəri 6 milyon avro olan süd emalı kompleksinin, habelə camışçılıq, quşçuluq və donuzçuluq komplekslərinin tikintisi, üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı Fransa və İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Şəkidə, həmçinin 87 meqavat gücündə istilik elektrik stansiyasının inşasının başa çatdırılması, kənd əhalisinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə Şin çayı üzərində su elektrik stansiyasının tikintisi, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, turizmin inkişafı məqsədilə Aşağı Karvansara memarlıq kompleksinin bərpası, habelə Azərbaycan Müəllimlər İnstitutu filialının bazasında müstəqil Dövlət Universitetinin açılması, 3500 yerlik şəhər stadionunun, yeni məktəblərin və səhiyyə obyektlərinin tikintisi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi və digər tədbirlər planlaşdırılır.