REGİONLAR
ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ FERMERLƏRƏ KREDİTLƏRİN VERİLMƏSİ DAVAM EDİR
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində 2004-cü ilin axırınadək Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında birgəborclular qruplarında birləşmiş fermerlərə və kredit ittifaqlarına veriləcək kreditlərin ümumi həcmi 1,2 milyon ABŞ dollarına çatacaqdır.
İcraçı Kredit Agentliyinin Şəki regionu üzrə səlahiyyətli nümayəndəsi Razi Əhmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, aprelin 20-dən etibarən agentliyin mütəxəssisləri tərəfindən həmin rayonlarda fermerlərə bir həftəlik təlimlər keçiriləcək və kreditlərin verilməsinə başlanılacaqdır. Balakən rayonunun “Balakən”, Zaqatalanın “Ramazan” və Oğuz rayonundakı “Tural” kredit ittifaqlarının 135 nəfər üzvü və yeni yaradılmış birgəborclular qruplarında birləşmiş 400 fermer ilk dəfə kredit alacaqdır. Qax və Şəki rayonlarında hələ ötən ildən fəaliyyət göstərən kredit ittifaqlarının üzvlərinə və qruplarda birləşmiş 300 nəfərdən artıq fermerə isə əvvəl aldıqları kreditləri vaxtında qaytardığına görə daha böyük həcmli kreditlər veriləcəkdir.