İDMAN
SALYANDA SOSİALİST ƏMƏYİ QƏHRƏMANI QÜDRƏT SƏMƏDOVUN XATİRƏ TURNİRİ KEÇİRİLMİŞDİR
Salyanda Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun anadan olmasının 100 illiyi münasibətilə sərbəst güləş üzrə respublika turniri keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yarış iştirakçıları əvvəlcə mərhumun vaxtilə yaşadığı Sarvan kəndindəki abidəsini ziyarət etmişlər. Turnirdə müxtəlif bölgələrdən 90-a yaxın yeniyetmə 4 çəki dərəcəsində mübarizə aparmışdı. Salyan pəhləvanları 250 xal toplayaraq birinci yerə çıxmışlar. Əli Bayramlı atletləri ikinci, İmişli atletləri üçüncü yeri tutmuşlar.
Sərbəst Güləş, yunan-Roma Güləşi Federasiyasının birinci vitse-prezidenti Cavanşir Qurbanov, dünya çempionu Aslan Ağayev və Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Xosrov Cəfərov qalibləri mükafatlandırmışlar.