RƏSMİ XRONİKA
SALYAN RAYON MƏRKƏZİ XƏSTƏXANASI ƏN MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 10-da Salyan rayonunun mərkəzi xəstəxanasında aparılan təmir-bərpa işləri ilə tanış olmuşlar. Azərbaycan Prezidentini və xanımını binanın qarşısında gül-çiçəklə qarşıladılar.
Səhiyyə naziri Oqtay Şirəliyev 1970-ci illərdə ulu öndər Heydər Əliyevin göstərişi ilə tikilmiş mərkəzi xəstəxanada görülən təmir-bərpa işləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonda 900 çarpayısı olan doqquz səhiyyə müəssisəsi fəaliyyət göstərir. Tibb müəssisələrinin strukturlarının səmərəliləşdirilməsi üçün xüsusi layihə həyata keçirilir. Beş korpusdan ibarət mərkəzi xəstəxana ən yüksək standartlara cavab verəcək və müasir avadanlıqla təmin olunacaq, tibbi xidmətin səviyyəsinin artırılması üçün hər cür şərait yaradılacaqdır.
Sonra Prezident İlham Əliyev xəstəxana ilə tanış oldu və dedi ki, bu müalicə ocağının müasir standartlara cavab verməsini təmin etmək üçün lazım olan vəsait ayrılacaqdır. Xəstəxananın mərkəzi magistral yolun yaxınlığında yerləşməsi yol-nəqliyyat qəzaları nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Xəstəxanada kardiologiya, nevrologiya, oftalmologiya, cərrahiyyə, travmatologiya, urologiya, reanimasiya, ginekologiya, yoluxucu xəstəliklər şöbələri, qadın məsləhətxanası və doğum evi olacaqdır. Təmir-bərpa işləri bp şirkəti və Səhiyyə Nazirliyi tərəfindən aparılır.
Prezident İlham Əliyev təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının regional məntəqələrinin planı ilə tanış oldu.
Sonra dövlətimizin başçısı xəstəxananın tibbi heyəti ilə görüşdü, onlara yüksək standartlara cavab verən xəstəxananın yaradılması üçün hər cür kömək göstəriləcəyini bildirdi.