ELM VƏ TƏHSİL
ŞAMAXIDA ÜÇ YENİ MƏKTƏB BİNASI ÖZ QAPILARINI ŞAGİRDLƏRİN ÜZÜNƏ AÇACAQDIR
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yeni məktəb binalarından biri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avaxıl kəndində inşa olunmuşdur. Müasir standartlara cavab verən, təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şəraiti olan 100 şagird yerlik bu məktəb binası “Alıbəyli” şirkətinin inşaatçıları tərəfindən tikilmişdir. Heydər Əliyev Fondu yeni təhsil ocağını bütün lazımi avadanlıqla da təchiz etmişdir.
Qalan iki məktəb binası isə dövlət vəsaiti hesabına inşa olunmuşdur. Onlardan biri Y.Məmmədəliyev qəsəbəsində tikilmişdir. 80 şagird yerlik bu yeni məktəbdə Pirqulu Rəsədxanasında çalışan işçilərin uşaqları oxuyacaqlar.
Digər məktəb binası isə yeni dərs ilində öz qapılarını Kələxana kənd məktəblilərinin üzünə açacaqdır.