ELM VƏ TƏHSİL
ŞƏMKİRDƏ TƏLƏBƏ ADINI QAZANMIŞ MƏZUNLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Şəmkir Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə daxil olan məzunlarla görüş keçirilmişdir.
Görüşdə qeyd edilmişdir ki, cari ildə rayonun ümumtəhsil məktəblərini bitirən məzunların 301 nəfəri ali məktəblərə daxil olaraq tələbə adını qazanmışdır. Onlardan 25-i 500, 11-i isə 600-dən çox bal toplamışdır. Rayon üzrə ən yaxşı nəticəni Cahangir Rüstəmov adına orta məktəb qazanmışdır. Məktəbin 30 məzunu ali məktəblərə qəbul olunmuşdur.
Görüşdə çıxış edənlər bu nailiyyətin ölkədə təhsilə göstərilən dövlət qayğısının, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinin, müəllim əməyinə yüksək qiymət verilməsinin məntiqi nəticəsi kimi dəyərləndirmişlər.
Sonra rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara ali məktəbi də yüksək göstəricilərlə bitirib yaxşı mütəxəssis olmağı arzulamışdır. Qəbul imtahanlarında ən yüksək göstəricilərə nail olan gənclərə və onların müəllimlərinə hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.