REGİONLAR
SAMUXDA 2007-Cİ İLİN YEKUNLARI VƏ 2008-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ ÜMUMRAYON MÜŞAVİRƏSİ
AZƏRTAC xəbər verir ki, Samux rayonunda 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir.
Müşavirə iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.
Rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxışdan sonra 2007-ci ildə Samuxun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurlardan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin keçən il görülən işlərə dair məruzəsi dinlənilmişdir.
Məruzə və müzakirələrdə qeyd edilmişdir ki, 2007-ci il Samux rayonu üçün əsl quruculuq ili olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan və 5,3 hektar sahəsi olan parkda yenidənqurma işləri başa çatdırılmış, Heydər Əliyev muzeyi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli 8 mənzilli,102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyası, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati binalar istifadəyə verilmişdir.
”Gənclər evi” və şahmat məktəbi inşa edilmiş, saatda 50 kubmetr beton, 28 ton asfalt istehsal edən zavod tikilmiş, nar şirəsinin konservləşdirilməsi, günəbaxan tumlarının qablaşdırılması müəssisəsi, çörək-bulka kombinatı fəaliyyətə başlamışdır. Hazırda rayon notariat kontoru və vətəndaşlıq aktlarının qeydiyyatı idarələri üçün müasir üslubda inzibati binanın tikintisində son tamamlama işləri görülür. Rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrin abadlığı da diqqət mərkəzində saxlanılmışdır.
Məruzə və çıxışlarda bildirilmişdir ki, Dövlət Proqramına uyğun olaraq, rayonda aqrar sahə, o cümlədən üzümçülük sürətlə inkişaf edir. Keçən il 200 hektar yeni üzum bağı salınmış, bununla da üzümlüklərin sahəsi 1000 hektara çatdırılmışdır. 1040 ton məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,6 dəfə çoxdur. Rayonun heyvandarları da uğurlu nəticələr əldə etmişlər. 2007-ci ildə rayonda 3122 ton ət, 12850 ton süd, 3 milyon 48 min ədəd yumurta, 290 ton yun istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur.
Müşavirədə qeyd olunmuşdur ki, keçən il rayonun təhsil işçiləri Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi qayğını yaxından hiss etmişlər. Xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Alabaşlı və Qarayeri qəsəbələrindəki orta məktəblərdə istilik sistemi qurulmuş, Nəbiağalı və Qaraarx qəsəbə məktəblərini əsaslı təmiri başa çatdırılmışdır. Kolayır kənd orta məktəbində akt və idman zalı inşa edilmiş, Burunqovaq kənd orta məktəbində 2, Hacıalılı kənd orta məktəbində 4 əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Məktəblərin maddi-texniki bazası da xeyli zənginləşdirilmiş, təkcə keçən il 216 ədəd kompyuter alınmışdır.
Müşavirədə rayonun enerji və yanacaq təchizatı ilə bağlı məsələlərin müzakirəsi zamanı bildirilmişdir ki, keçən il istehlak olunan elektrik enerjisinin və mavi yanacağın haqqının ödənilməsi sahəsində uğurlu göstəricilərə nail olunmuş, hər iki sahədə yığım 100 faizə çatdırılmışdır.
Müşavirədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış etmişdir.
Müşavirədə 2008-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş qərar qəbul edildikdən sonra ölkəmizin Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Prezidentin İcra Aparatının məsul işçisi Canpolad Musayev müşavirədə iştirak etmişdir.