ELM VƏ TƏHSİL
SAMUX RAYON TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransdan əvvəl rayonun təhsil işçilərinin nümayəndələri Heydər Əliyev parkına gələrək, ulu öndərimizin əziz xatirəsini yad etmiş, portreti önünə gül-çiçək dəstələri düzmüşlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon təhsil şöbəsinin müdiri Hidayət Əhmədov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanının və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışmışdır.
Təhsil ocaqlarında yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edən natiq bildirmişdir ki, 6 məktəb əsaslı təmir olunmuş, 3 kənd məktəbinin hər biri üçün əlavə 4 sinif otağı tikilmiş, təhsil müəssisələrinə 17 min nüsxə pulsuz dərsliklər paylanmışdır.
Konfransda, həmçinin yeni dərs ilində rayonun təhsil işçilərinin qarşısında duran vəzifələrdən ətraflı söhbət açılmışdır.
Təhsildə fərqlənən müəllimlərə fəxri fərmanlar və xatirə hədiyyələri verilmişdir.