İQTİSADİYYAT
SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ RESPUBLİKA SƏNAYESİNİN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR EDİLMİŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində respublika sənayesinin inkişaf perspektivlərinin müzakirəsinə həsr edilmiş müşavirə keçirilmişdir. Müşavirənin əsas məqsədlərindən biri sənaye müəssisələrinin inkişafı üzrə Dövlət Proqramının hazırlanması olmuşdur.
Müşavirədə respublikanın bir sıra iri sənaye müəssisələrinin elmi- tədqiqat institutlarının və ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Əsas məruzə ilə sənaye və energetika nazirinin müavini G. Cavadov çıxış etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri–neft sektorunun inkişafı üzrə tapşırığının yerinə yetirilməsində belə müzakirələrin mühüm rolunu xüsusilə vurğulamışdır. İştirakçılar mövcud problemlər və onların aradan qaldırılması, müəssisələrin inkişaf istiqamətləri, yeni texnologiyaların tətbiqi və s. məsələlər üzrə fikir mübadiləsi aparmış və Dövlət Proqramının hazırlanması üçün zəruri olan təkliflərini Sənaye və Energetika Nazirliyinə təqdim edəcəklərini bildirmişlər.