İQTİSADİYYAT
SƏNGƏÇAL-QAZIMƏMMƏD QAZ KƏMƏRİ ÇƏKİLİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, 'Şahdəniz' qazının ölkə ərazisində nəqli üçün nəzərdə tutulmuş Səngəçal-Qazıməmməd qaz kəmərinin tikintisi davam edir. Kəmərin uzunluğu 47 kilometrdir.
Tikintinin sifarişçisi ARDNŞ-nin Qaz əməliyyatları idarəsi, podratçı 'Xəzərdənizneftqaztikinti' tresti, subpodratçılar isə trestin 2 saylı tikinti-quraşdırma idarəsi və 'AzFEN' şirkətidir. İşlər iki istiqamətdə aparılır. Birinci və əsas istiqamət Qalmasadək 23 kilometr uzunluğunda xəttin çəkilişidir. Məlumdur ki, Qalmasda qaz anbarı və geniş qaz kəmərləri şəbəkəsi mövcuddur. Bu istiqamətdə görülən işlərə 200 nəfər cəlb edilmişdir. 12 kilometr uzunluğunda boru xətti artıq qaynaqlanmışdır. Hazırda borunun xəndəyə salınması həyata keçirilir. Kəmərin çətin keçilən sahələrdən çəkilişi xüsusilə mühüm məsələdir. İndi belə dağlıq ərazilərdən keçən hissədə montaj və qaynaq işləri davam etdirilir. Kəmərin 11 kilometrlik həmin hissəsini 'AzFEN' şirkəti inşa edir. Martın sonlarında birinci istiqamətdə görülən işlər başa çatdırılacaqdır. Eyni zamanda ikinci istiqamətdə də işlər başlanmışdır. Belə ki, Qazıməmməddən Səngəçal istiqamətində də 24 kilometrlik xətt çəkilir. Qazıməmməd şəhərində ölkənin əsas qaz qəbulu və paylayıcı şəbəkələri yerləşir. Son nəticədə Səngəçal-Qazıməmməd xətti də bu şəbəkəyə qoşulmalıdır. Artıq həmin istiqamətdə 1200 metr uzunluğunda boru xətti qaynaq edilmişdir.
Qaz kəmərinin bütövlükdə istismara verilməsi cari ilin iyununa planlaşdırılmışdır.