İQTİSADİYYAT
SƏNGƏÇAL TERMİNALI ƏRAZİSİNDƏ NƏHƏNG TEXNİKİ TƏLİM MƏRKƏZİ AÇILMIŞDIR
bp-Azərbaycan şirkətinin əməliyyatlar üzrə vitse-prezidenti Nil Makliri Xəzər Texniki Təlim Mərkəzinin regionda bütün Hasilatın Pay Bölgüsü sazişlərinin, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz ixrac neft və qaz kəmərləri layihələrinin texniki təlim tələblərini ödəmək məqsədi ilə tikildiyini bildirdi. O dedi ki, bu təlim mərkəzindən həm bp-nin, həm də onun qazma üzrə podratçısı olan KCA Doytaq şirkətinin mütəxəssisləri istifadə edəcəklər. Mərkəz TTE-Petrofak şirkəti tərəfindən idarə olunacaq, eyni zamanda burada ildə əməliyyat və qazma üzrə 400 nəfər mütəxəssis təlim keçə bilər.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord belə bir təlim ocağının müstəsna əhəmiyyətindən danışaraq, onun mükəmməl bir təcrübə məktəbi olacağını vurğuladılar.
Sonra tədbir iştirakçıları mərkəzlə tanış oldular. Mərkəzin əsas obyektlərindən biri olan təcrübə simulyatorunda qazmaçılar Xəzər dənizində tikiləcək yeni platformalardakı müasir qazma avadanlığını təhlükəsiz və səmərəli istismar etmək səriştəsinə yiyələnəcəklər. Burada Böyük Britaniyada istehsal olunmuş nadir təlim qurğusu da var. Onun köməyi ilə mütəxəssislər təhlükəsiz mühitdə avadanlıqdan istifadə etməyi öyrənəcəklər. Mərkəzin neft-qaz sənayesində geniş istifadə edilən xüsusi avadanlıq quraşdırılmış nəhəng təlim sexi, 24 təlim otağı və ofisi var. Obyektdə təlim keçən mütəxəssislər üçün hər cür şəraiti olan yaşayış məntəqəsi yaradılmışdır.
Yaxın üç il ərzində 1000-dən artıq mütəxəssis mərkəzdə xüsusi kurs keçəcəkdir.