DÜNYA
SAPARMURAD NİYAZOV HÖKUMƏTİN SƏKKİZ ÜZVÜNÜ ƏMƏK HAQQINDAN MƏHRUM ETMİŞDİR
Prezident Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında demişdir: “Siz pambıqla bağlı vəziyyətin guya yaxşı olması barədə yalan danışdığınız üçün cəzalandırılırsınız. Mən sizə xəbərdarlıq etməkdən yorulmuşam”. İclasda rəhbər işçilərdən heç biri pambıq yığımı kampaniyasının pozulmasının və dənli bitkilərin əkin sürətinin azalmasının səbəbləri barədə Prezidentin suallarına cavab verə bilməmişdir.
S.Niyazov iclas iştirakçılarına müraciət edərək demişdir: “Cəmi 350 min ton pambıq yığılmışdır, halbuki plana görə, oktyabrın ortalarında 2,2 milyon ton pambıq təhvil verilməli idi”.
Türkmənistanda artıq dalbadal neçə ildir ki, pambıq planı yerinə yetirilmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə nəzərdə tutulmuş 2 milyon ton pambığın yalnız 30 faizi, 2003-cü ildə isə 36 faiz yığılmışdır.
Burada pambığı, əsasən, əllə yığırlar. Prezident pambıq yığımına məktəblilərin və dövlət müəssisəsi işçilərinin cəlb olunmasının qadağan edildiyini desə də, bu təcrübə, paytaxdan başqa, bütün şəhərlərdə hələ də tətbiq olunur.