İDMAN
SƏRBƏST GÜLƏŞ ÜZRƏ ÖLKƏ ÇEMPİONLARI MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə keçirilən ölkə çempionatına yanvarın 14-də yekun vurulmuşdur. Ölkəmizin müxtəlif regionlarından 130-dək yaxın pəhləvanın 7 çəki dərəcəsində mübarizə apardığı yarışları milli yığma komandanın baş məşqçisi Aslan Ağayevin rəhbərliyi ilə hakimlər briqadası idarə etmişdir. Bundan məqsəd ən güclüləri obyektiv şəkildə aşkarlamaq və gələcəkdə milli yığma komandanın heyətinə cəlb edərək, beynəlxalq idman tədbirlərinə hazırlamaq idi.
İki gün davam edən yarışda Azərbaycan çempionları Mədət Süleymanov (50 kq), Namiq Sevdimov (55 kq), Avropa çempionatında 5-ci yerin sahibi İbad Məmmədov (60 kq), Avropa çempionatının gümüş medalçısı Elman Əsgərov (66 kq), Afina Yay Olimpiya Oyunlarının iştirakçısı, gənclər arasında dünya çempionatının gümüş və Avropa çempionatının bürünc mükafatçısı Elnur Aslanov (74 kq), ölkə çempionu Baxışəli Əhmədov (84 kq) və dünya kubokunun sahibi, Avropa birinciliyinin gümüş medalçısı Vüqar Qurbanov (96 kq) qalib gəlmişlər.
Yanvarın 15-16-da isə yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcəkdir.