SİYASƏT
SƏRGİDƏ... “XOCALI QAN İÇİNDƏ” ÇIRPINIRDI
Fevralın 26-da Gənclər, İdman və Turizim Nazirliyinin təşəbbüsü ilə İçərişəhərdəki “Abşeron” rəsm qaleyerasında Xocalı faciəsinin 11-ci ildönümünə həsr olunmuş “Xocalı qan içində” mövzusunda sərgi açılmışdır.
Sərgidə 60 yeniyetmə və gəncin qrafika janrında-karandaş, sulu boya, pastel, flomaster, qarışıq texnika ilə müxtəlif rakusdan işlənmiş 70 əsəri nümayiş etdirilir.
Qaleyeradan AZƏRTAC-ın müxbirinə demişlər ki, mərasimdə çıxış edən natiqlər tarixin ən dəhşətli qırğınlarından biri olan Xocalı faciəsindən ötən on bir ildə sinəsi dağlı anaların balalarını soraqlamasından, hər bir azərbaycanlının şəhərin yerlə yeksan olduğunu, minlərlə günahsız insanın güllələndiyini, erməni vəhşiliyini və genosidin “təntənə”sini unutmamasından və heç vaxt unutmayacağından söhbət açmışlar.
Qeyd olunmuşdur ki, gənc rəssamlar Aslan Rzayevin “Xocalı”, Ülviyyə Məmmədovanın “Soyqırım davam edir”, Elmira Əlibəyovanın “Şəhid anası”, Nuray Tağızadənin “Ermənilər hücumda”, Fərid Əhmədlinin “Bunu bağışlamaq olarmı?” və başqalarının tabloları işğal olunmuş torpaqlarımızın düşmən tapdağından təmizlənməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurdlarına qayıtması uğrunda mübarizədə hər birimizi daha sıx birlik və əzimkarlıq göstərməyə səsləyir.
Sərgi fevralın 28-də başa çatacaqdır.