İQTİSADİYYAT
SƏRGİ ÇƏRÇİVƏSİNDƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Nəqliyyat nazirinin müavini Musa Pənahov TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev və başqaları məruzə və çıxışlarında müasir dövrdə nəqliyyatın artan rolundan danışmışlar.
Qeyd olunmuşdur ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat infrastrukturunun gücləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Avropa və Asiya arasında tranzit ölkə olması, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi respublikamızı regional nəqliyyat sistemində aparıcı mövqeyə çıxarmışdır. Eyni zamanda, nəqliyyat bölməsinin kompleks inkişafına xüsusi diqqət verilməsi ölkəmizin tranzit imkanlarına beynəlxalq marağı daha da artırır.
Məruzələrdə və çıxışlarda hava, su, dəmir yolu və avtomobil yolları ilə yük və sərnişin daşımalarından, sərhəd-keçid problemlərindən və onların aradan qaldırılması yollarından, şəhər sərnişin daşımalarındakı çatışmazlıqlardan, bu sahədə həyata keçirilən tədbirlərdən, respublikadaxili avtomobil yollarının yenidən qurulmasından, liman xidmətlərindən, yük terminallarının bərpası və yenilərinin tikilməsi istiqamətində görülən işlərdən də bəhs olunmuşdur.
Nəqliyyat siyasətinin və strategiyasının əsas məqsəd və vəzifələrindən danışılarkən, artan hərəkət dinamikasını nəzərə almaqla, əhalinin nəqliyyata olan tələbatının ödənilməsinin təmin edilməsi, bu sahənin infrastrukturlarının müasir tələblərə uyğun yenidən qurulması, nəqliyyat vasitələri parkının yeniləşdirilməsi, beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanın təmin olunması, bu bölmədə islahatların davam etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkənin tranzit potensialının artırılması, yük dövriyyəsi sistemində inzibati əngəllərin ləğvi və s. məsələlər də diqqət mərkəzində olmuşdur.