SİYASƏT
SƏRHƏDÇİLƏR SAYIQDIRLAR
Azərbaycan sərhədçilərinin sayıqlığı nəticəsində bir sıra qanunazidd əməllərin qarşısı alınmışdır. Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, oktyabrın 2-də Balakən rayonunun Qaysa kəndində Gürcüstanla həmsərhəd “Qozluq” ərazidə 5 min ədəd (20 ton) çətənə kolu aşkar olunaraq, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.
Oktyabrın 6-da Rusiya Federasiyasından Azərbaycana qayıdan Gəncə şəhərinin sakini, 1939-cu il təvəllüdlü Quliyev Cahangir Lətif oğlunun idarə etdiyi “Mersedes Benz” markalı U 318 XR 99/rus dövlət nömrə nişanlı avtobusdan yivsiz ov tüfəngi, 73 ədəd 20 millimetrlik patron, 1 kiloqram barıt, 100 ədəd giliz, 1000 ədəd piston, xeyli qırma aşkar olunaraq götürülmüşdür.
Oktyabrın 14-də sərhədçilər Astara rayonunun Şahağac kəndinin ərazisində dəniz sahilində sahibsiz “LAYNER” tipli qayıq aşkar etmiş, həmin kəndin sakini Nuriyev Şahbaz Şaban oğlunun həyətyanı sahəsinə baxış keçirilərkən qayıqla İrana aparılması nəzərdə tutulan 24 bağlama aşkarlanmış və cinayət işi açılması üçün Astara rayon polis şöbəsinə təhvil verilmişdir.
Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonunun Gendərə kənd sakini Xubalıyev Sərar Şəkəralı oğlunun evində axtarış zamanı 1 ədəd “PM” markalı tapança aşkar olunaraq Yardımlı rayon polis şöbəsinə təhvil verilmişdir.
Oktyabrın 19-da Şərur rayonunun Böyükdüz kəndi ərazisində sərhəd rejimi pozulmuş, bu rayonun Şaxtaxtı kəndinin sakinləri Məmmədov Nüsrət Kamil oğlu, Musayev Bəhruz Fərman oğlu və Rzayev Rafiq İbrahim oğlu saxlanılmışlar. Onlardan qanunsuz saxladıqları iki ədəd qoşalülə, bir ədəd təklülə tüfəng və bir ədəd ov bıçağı götürülmüşdür.
Oktyabrın 22-də İran İslam Respublikasından Azərbaycana gələn Tehran şəhər sakini Əhəd Aşiqi Qaraqulu Əmrullah oğlu yoxlanılarkən, onun üstündə 12 qram tiryək və 2 qram marixuana aşkar edilib götürülmüşdür.
Azərbaycanın dövlət sərhədlərini pozmağa göstərilən 75-dən çox cəhdin qarşısı alınmış, axtarışda olan 18 vətəndaş yaxalanaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Sərhəd rejim qaydalarını pozmuş 786 şəxs saxlanılmış, onların barəsində müvafiq tədbirlər görülmüşdür.
Sərhədçilər qaçaqmalçılıqla mübarizəni də davam etdirirlər. Oktyabr ayı ərzində qanunsuz aparılan 575 min İran rialı, 14 min 230 qutudan çox siqaret, 723 ədəd torna dəzgahının ehtiyat hissəsi, 5 min şüşədən çox araq, 1500 litr dizel yanacağı, 45 ədəd peyk anten, 441 litr spirt, 110 kiloqram nərə balığı, 100 kiloqram əlvan metal, külli miqdarda qadın və kişi idman geyimləri aşkar olunaraq götürülmüş, 44 baş mal-qaranın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.