SİYASƏT
ŞƏRQ-QƏRB ENERJİ DƏHLİZİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA HÖKUMƏTLƏRARASI PROTOKOL İMZALANMIŞDIR
Məlum olduğu kimi, 2002-ci il aprel ayının 30-da Türkiyənin Trabzon şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərə qarşı mübarizə haqqında saziş”in 22-ci maddəsində Şərq-Qərb enerji dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin üç ölkə arasında imzalanacaq protokol ilə tənzimlənməsi nəzərdə tutulmuşdu.
Protokolu Azərbaycan tərəfindən baş nazirin müavini Abid Şərifov, Gürcüstan tərəfindən Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya, Türkiyə tərəfindən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz imzaladılar.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Abid Şərifov, Georgi Çanturiya, Əhməd Ünal Ceviköz və “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov, Gürcüstan Təhlükəsizlik Şurası katibinin müavini Georgi Mjavanadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze, BTC layihəsi üzrə vitse-prezident Maykl Taunzend və digər rəsmi şəxslər imzalanma mərasimində iştirak edirdilər.