RƏSMİ XRONİKA


“ŞƏRQ ULDUZU” MMC-NİN FƏALİYYƏTİ İLƏ TANIŞLIQ

Şəmkir, 25 may (AZƏRTAC). Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşdur.

Dövlətimizin başçısına məlumat verilmişdir ki, müəssisənin Şəmkir rayonunda 108 hektar üzüm sahəsi vardır. Üzüm bağları Fransa, İran və Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınmışdır. Bu bağlarda “Şardane”, “Bayan şirə”, “Merlot”, “Rikasiteli”, “Sapiravi”, “Kaberne savinyon”, “Şiraz” kimi üzüm sortları yetişdirilir. Vətəni Ön Asiya olan “Şiraz” üzüm sortu ilk dəfə məhz Şəmkirdə yetişdirilmişdir. “Bayan şirə” isə keçmiş sovetlər dönəmində ən yararsız sortlardan hesab olunsa da, indi onun yetişdirilmə və şərabının hazırlanması texnologiyasında yeniliklər əldə olunmuşdur. İndi bu sortdan alınan məhsul ən qiymətli şərab hesab olunur. Bunun nəticəsidir ki, “Bayan şirə” 2008-ci ildə Moskvada keçirilən sərgidə qızıl medalla mükafatlandırılmışdır. Hazırda yeni sort - “Anenfolt”un yetişdirilməsi üzərində iş gedir. Bu da vaxtilə Şəmkirdə yaşayan alman əhalisindən gəlmə addır. Artıq müəssisənin təsərrüfatında süfrə üzümünün yetişdirilməsinə də başlanmışdır. Ordubad və Urmiyadan gətirilən kişmişi üzüm tinglərinin əkildiyi bağlarda yüksək keyfiyyətli və bol məhsul gözlənilir.

Şərabçılıq Şəmkirdə ənənəvi istehsal sahəsidir. Bu ənənə indi də yaşayır və onun davam etdirilməsi istiqamətində mühüm işlər görülür. “Şərq ulduzu” MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 2006-cı ildə yaradılan müəssisə hazırda 2 min ton üzümü emal etmək gücünə malikdir. Şərab zavodu ən müasir texnologiyaların tətbiqi əsasında qurulmuşdur. Burada quraşdırılan avadanlıq Almaniya və İtaliya istehsalıdır. Hazırda zavodda 7 növ şərab istehsal edilir. “Şardane”, “Bayan şirə”, “Merlot”, “Rikasiteli”, “Sapiravi”, “Kaberne savinyon” və “Şiraz” şərabları onların əldə olunduqları üzüm sortlarının adını daşıyır.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə 125 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 250-300 manatdır. Alman layihəsi əsasında qurulmuş zavodda tutumu 14 tondan 37 tonadək olan 63 çən qoyulmuşdur. Bütün istehsal prosesi kompyuterlə idarə olunur. Qiymətli şərab növlərinin saxlandığı taxta çəlləklər isə palıddan hazırlanmışdır.

Müəssisədəki mühüm avadanlıqdan biri də vakuum-membran presdir. Fransa istehsalı olan bu avadanlıq üzümün sıxılması prosesini həyata keçirir. Avadanlığın üstün xüsusiyyəti ondan ibarətdir ki, o, üzümün qabığını və toxumunu əzmir. Bu da şərabın dadının dəyişmə ehtimalını sıfıra endirir. Şərabın saxlanma temperaturuna da ciddi diqqət yetirilir, müəssisədə zəruri mənfi 14-18 dərəcə temperatur rejimi tətbiq olunur. Şərab dolduran avadanlıq Moldovadan alınmışdır. Bu avadanlıq saatda 3 min ədəd şüşə doldura bilir. Hələlik müəssisə öz məhsullarını yerli bazara çıxarır. Hazırda məhsulun ixracı ilə bağlı Koreya Respublikası, Rusiya və Litva şirkətləri ilə danışıqlar aparılır.

Dövlətimizin başçısı müəssisədə hazırlanan məhsulların müxtəlif sərgilərdə qazandığı nailiyyətləri əks etdirən guşəyə baxdı. Müəssisədə istehsal olunan şərablar 2008-ci ildə Moskvada keçirilən 2-ci beynəlxalq festivalda qızıl, gümüş və qran-pri mükafatlarına layiq görülmüşdür. Əldə olunan uğurlara görə müəssisəyə İSO:22000 beynəlxalq sertifikatı verilmişdir. Zavodda bu ildən konyak spirtinin çəkilməsi üçün yeni sex işə salınmışdır. Almaniya istehsalı olan avadanlığın quraşdırıldığı sexdə sutkada 7 ton konyak üçün xammal emal edilir. Bundan da təxminən 700 litr konyak spirti alınır. Müəssisənin ərazisində yeni yardımçı binalar da tikilir. Bu binaların 2011-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məhsulların təbii üsulla saxlanması üçün zirzəmilər də tikiləcəkdir.

Prezident İlham Əliyev müəssisədə yeni istehsal xəttinin işə düşməsini bildirən düyməni basdı. Yeni məhsulun ilk nümunəsi dövlətimizin başçısına təqdim olundu.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin