REGİONLAR
ŞƏRUR RAYONUNDA TAXIL BİÇİNİ YÜKSƏK GÖSTƏRİCİLƏRLƏ BAŞA ÇATMIŞDIR
Şərur, 6 avqust (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda taxıl yığımı müvəffəqiyyətlə başa çatmışdır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari təsərrüfat ilində 9076,2 hektar zəminin taxılı biçilmişdir. Məhsulu yığılmış sahələrin 7345 hektarını buğda, 1731,2 hektarını isə arpa təşkil etmişdir. Ümumilikdə, taxıl əkinləri bu il ötən ildəkindən 37,6 hektar çox olmuşdur.
Biçinin mütəşəkkil keçirilməsi məqsədi ilə əvvəlcədən lazımi hazırlıq işləri görülmüş, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr, mövcud imkanlar səfərbərliyə alınmışdır. Bunun nəticəsində hər hektardan 30,6 sentner məhsul götürən rayon taxılçıları istehsalı əvvəlki ilə nisbətən 211 ton artıraraq yekun rəqəm 27 min 743 tona çatdırmışlar. Bunun 22 min 549 tonunu buğda, 5 min 194 tonunu isə arpa təşkil etmişdir.
Ayrı-ayrı kəndlərin torpaq mülkiyyətçiləri daha yüksək nəticə qazanmışlar. Şəhriyar, Çərçiboğan, Çomaxtur, Xələc və digər kəndlərdə hektarda taxılın məhsuldarlığı 35-40 sentner olmuşdur.
Rayonda hasilə gətirilən taxıl əhalinin tələbatını tamamilə ödəyir. Artıq bölgədə müasir tipli 5 un dəyirmanı mövsümün təzə məhsulu ilə işləyir. Bu dəyirmanlarda sutkada 100 tona yaxın dən üyüdülür. Hər gün çörək zavodları və sexlərində, təndirlərdə bişən isti çörəyin xoş ətri bütün Şəruru bürüyür.