DÜNYA
SƏTTARXAN ADINA ZAVODA BEYNƏLXALQ STANDART SERTİFİKATI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə “Azneftkimyamaş”ın idarə heyətinin sədri Əli Qaraxanov çıxış edərək demişdir: “Beynəlxalq standartlara cavab verən məhsul hazırlamaq səttarxançılar qarşısında proqram vəzifə kimi dururdu. Bu proqramın təməlini ümummilli liderimiz Heydər Əliyev Yaponiyaya səfəri zamanı keçirdiyi danışıqlarda qoymuşdu. 2002-ci ilin avqust ayında biz Azərbaycan hökumətinin tapşırığı ilə Yaponiyada olduq, 4 zavod və 2 elmi tədqiqat institutunda beynəlxalq standartların tələbinə uyğun keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edilməsi proqramının ümumi müddəalarını razılaşdırdıq. Proqramın icrasına ötən ilin yanvar ayında başlanmışdır. Həmin vaxtdan Yaponiya ekspertləri mütəxəssislərimizlə birlikdə həmin altı müəssisədə keyfiyyətin idarə olunması sisteminə hazırlıq işləri görmüşlər. Səttarxan adına maşınqayırma zavodunda sistemin sənədlərinin tərtibində, mütəxəssislərin hazırlanmasında böyük əmək sərf etmiş Yaponiyanın “UNİCO” beynəlxalq korporasiyasının, obyektiv audit keçirmiş “Moody İnternational” firmasının ekspertlərinə minnnətdarlığımızı bildiririk”.
Mənzil-qərargahı Cenevrədə olan “Moody İnternational”ın baş meneceri Con Norton “İSO-9001” sertifikatını Səttarxan adına maşınqayırma zavodu törəmə səhmdar cəmiyyəti idarə heyətinin sədri Mustafa Həsənova təqdim etmiş, kollektivə daha böyük uğurlar arzulamışdır. Yaponiyanın Mitsuit Co Ltd şirkətinin sahə meneceri Şiobara səttarxançıları təbrik etmişdir.
Mustafa Həsənov bu sertifikatın onların üzərinə daha böyük məsuliyyət qoyduğunu vurğulamışdır. Onun sözlərinə görə, tezliklə müəssisənin 4 məhsuluna - siyirtmə, fontan armaturu, dərinlik nasosları üçün ştanqlar və burğular üçün güllələrə Amerika Petrol İnstitutunun (APİ) monoqramı təqdim olunacaqdır. Bununla da səttarxançılar beynəlxalq müsabiqələrdə iştirak etmək, reklam vermək, öz məhsulunu cəsarətlə beynəlxalq bazara çıxarmaq imkanı əldə etmişlər.
Xatırladaq ki, “Azneftkimyamaş” ASC–nin 5 müəssisəsi APİ monoqramını, 7 müəssisəsi isə İSO standartını almağa nail olmuşdur.