İQTİSADİYYAT
SƏTTARXAN ADINA ZAVOD: İSTEHSAL, İXRAC VƏ SATIŞ
Səttarxan adına neft maşınqayırma zavodunun kollektivi cari ilin yanvar-fevral aylarında 2 milyard 39 milyon manat dəyərində müxtəlif növ neft-mədən avadanlığı istehsal etmişdir. Bu 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 685,5 milyon manat çoxdur.
Müəssisədən AZƏRTAC-ın müxbirinə demişlər ki, cari ilin ilk iki ayında 2 milyard 77 milyon manat dəyərində məhsul ixrac olunmuşdur. 2003-cü ilin eyni dövründə isə bu rəqəm cəmi 363,7 milyon manat təşkil etmişdi. Bu il Dövlət Neft Şirkəti zavoddan təxminən 1 milyard manatlıq avadanlıq almışdır.
Maşınqayıranlar satış məhsullarının da həcmini artırmışlar. İki ayda 1 milyard 274 milyon manatlıq, yəni ötən ilin eyni dövründəkindən 97,7 milyon manat dəyərində artıq məhsul satılmışdır.
Xatırladaq ki, müəssisənin beş növ məhsulu İSO və APİ beynəlxalq standartları ilə buraxılır.