SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANININ RƏHBƏRLİYİ VƏ İCTİMAİ DAİRƏLƏRİ AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERİR
Prezident Heydər Əliyevin vəfatı haqqında kədərli xəbər Səudiyyə Ərəbistanının bütün aparıcı kütləvi informasiya vasitələrində dərc olunmuşdur. Ölkənin Mərkəzi telekanalının xəbərlər proqramında və qəzetlərin birinci səhifələrində İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd bin Əbdüləzizin, vəliəhd, Baş nazirin birinci müavini, Milli qvardiyanın komandanı Abdulla bin Əbdüləzizin, Baş nazirin ikinci müavini, müdafiə və aviasiya naziri Sultan bin Əbdüləzizin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdikləri başsağlığı teleqramlarının mətni yayılmışdır.
Səudiyyə Ərəbistanının rəsmi, ictimai və işgüzar dairələrinin nümayəndələrindən səfirliyə daxil olan çoxsaylı məktub və teleqramlarda deyilir ki, həyatını Azərbaycan xalqına həsr etmiş Prezident Heydər Əliyev müasir dünyanın ən görkəmli şəxsiyyətlərindən biri kimi dərin hörmət qazanmışdır.
Səudiyyə Ərəbistanında akkreditə olunmuş diplomatik missiyaların başçıları və nümayəndələri, Səudiyyə vətəndaşları Azərbaycan xalqının kədərini bölüşmək üçün səfirliyə gəlir, Matəm kitabına başsağlığı sözləri yazırlar.
Bu hüznlü günlərdə səfirliyə İslam Konfransı Təşkilatının Baş katibliyindən, İslam İnkişaf Fondundan, Səudiyyə İnkişaf Fondundan və bir sıra digər beynəlxalq və regional təşkilatlardan, bu ölkədə çalışan azərbaycanlı mütəxəssislərdən də məktub və teleqramlar gəlməkdədir.
Səfirlik Prezident Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş mətbuat bəyanatı hazırlayaraq, ölkədə akkreditə olunmuş beynəlxalq və regional təşkilatlara, diplomatik korpusa, habelə rəsmi və ictimai dairələrə, KİV-lərə göndərmişdir.