İQTİSADİYYAT
SƏUDİYYƏ ƏRƏBİSTANI AZƏRBAYCANA KREDİT AYIRACAQ
Səudiyyə Ərəbistanı Azərbaycana 36 milyon Səudiyyə rialı məbləğində kredit ayıracaqdır. “Ərəb nyus” agentliyinin verdiyi xəbərə görə, müxtəlif layihələrin həyata keçirilməsinə yardım məqsədi ilə kredit ayrılması haqqında sənəd Səudiyyə İnkişaf Fondu nümayəndə heyətinin Azərbaycana səfəri zamanı imzalanacaqdır. Səfər avqustun ikinci ongünlüyü üçün nəzərdə tutulmuşdur.
Fondun baş direktoru Yusif əl-Bəssamın başçılıq edəcəyi nümayəndə heyəti 5 məktəb binasının, digər sosial obyektlərin tikintisini maliyyələşdirmək imkanlarını öyrənəcəkdir. Bundan əlavə, mərkəzi ofisi Ciddədə olan İslam İnkişaf Bankı müxtəlif sosial layihələrin həyata keçirilməsinə kömək üçün Azərbaycana 272 milyon Səudiyyə rialı məbləğində kredit ayıracaqdır.
Agentliyin xəbərində həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanının biznesmenləri Azərbaycanda turizmin inkişafına, o cümlədən mehmanxanalar tikilməsinə sərmayə qoymaq niyyətindədirlər.