DÜNYA
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRLİYİ BƏYANAT YAYMIŞDIR
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin bu il martın 16-da Ər-Riyad şəhərində bəzi vətəndaşların həbs olunması ilə bağlı martın 17-də yaydığı bəyənata cavab olaraq Krallığın Xarici İşlər Nazirliyi aşağıdakı məzmunda bəyanat vermişdir: “Biz, ABŞ Dövlət Departamenti rəsmisinin, Krallığın bir neçə vətəndaşını itaətsizliyə təhrik əməllərində əlaqələri olduğuna görə həbs edilməsinə dair və bununla bağlı cəmiyyətdə məşhur və tanınmış adamların razılığı olmadan onların adlarını çəkdiyi bəyanatının məzmunundan məyusluq duyuruq. Çünki belə bir bəyanat ölkəmizin açıq-aydın baxışlara, milli birliyə daha çox ehtiyacı olduğu və terrorçuların hücumlarına məruz qaldığı bir vaxtda səslənmişdir”.
Bəyanatda daha sonra deyilir: “Yaxşı olardı ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi belə bir bəyanatı yaymazdan əvvəl bizimlə məsləhətləşib, mövzu ilə bağlı həqiqətləri dəqiqləşdirəydi.
Səudiyyə Ərəbistanının hökuməti bəzi vətəndaşların həbsini özünün daxili təhlükəsizliyi ilə bağlı məsələ hesab edir və bildirir ki, həyata keçirdiyi tədbirlər ölkənin təhlükəsizliyi və vətəndaşların mənafelərinin qorunması ilə bağlıdır”.