İDMAN
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI GƏNCLƏRƏ QAYĞI BAŞ SƏDRLİYİNİN BİRİNCİ VİTSE-PREZİDENTİ VƏ ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ BDU-DA OLMUŞDUR
Nümayəndə heyəti ilə görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı tarixi əlaqələrdən bəhs etmiş, ümummilli liderimiz, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bu əlaqələrin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Dövlətimizin başçısının Səudiyyə Ərəbistanına səfərlərinin əhəmiyyətini nəzərə çarpdıran A.Məhərrəmov əməkdaşlığımızın günbəgün genişləndiyini söyləmişdir.
Rəhbərlik etdiyi ali məktəb haqqında ətraflı məlumat verən rektor burada İlahiyyat və Şərqşünaslıq fakültələrinin də fəaliyyət göstərdiyini, eyni zamanda, universitetlərimiz arasında əlaqələrin zəruriliyini diqqətə çatdırmışdır.
Görüşdən məmnun qaldığını bildirən Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləziz öz ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Gənclər və idman naziri Azad Rəhimov, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev və digər natiqlər də xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən söz açmış, xoş arzularını bildirmişlər.
Sonra Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləziz professor-müəllim və tələbələri maraqlandıran suallara cavab vermişdir.
Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəffər görüşdə iştirak etmişdir.
Qonaqlara xatirə hədiyyələri və kitablar təqdim olunmuşdur.