SAXTA SPİRTLİ İÇKİLƏR MÜSADİRƏ EDİLMİŞDİR
AzerTAg.az
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, DGK-nın Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlara əsasən, respublikamızın bəzi bölgələrinə Gürcüstan istiqamətindən qaçaqmalçılıq yolu ilə keyfiyyətsiz spirt gətirilir və onlardan ölkəmizin ərazisində müxtəlif markalar altında qanunsuz spirtli itkilər hazırlanaraq aksiz markalarının tətbiqi qaydaları kobud şəkildə pozulmaqla Gəncə şəhərində, Bərdə, Tovuz, Ağstafa və Qazax rayonları ərazilərindəki satış məntəqələrində reallaşdırılır.
Həmin bölgələrin bəzi satış məntəqələrindən alınmış müxtəlif markalı spirtli itkilərin mərkəzi laboratoriyada ilkin analizi aparılıb və onların mövcud standartlara cavab vermədiyi, hətta insan sağlamlığı üçün zərərli olması, habelə onlara aksiz markalarının tətbiqi qaydalarının pozulması müəyyənləşdirilib.
Antisanitariya şəraitində kustar üsulla hazırlanan bu məhsulların sağlamlığa təhlükəsi açıq-aşkar görünür.
Bunları nəzərə alaraq, alkoqollu içkilərin satışının qanunauyğunluğunun yoxlanılması məqsədi ilə martın 27-də Gəncə, Bərdə, Tovuz, Ağstafa və Qazax rayonlarının ərazilərində fəaliyyət göstərən bir sıra topdansatış məntəqələrində Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin əməkdaşları birgə reyd keçiriblər.
Bu zaman çoxlu saxta aksiz markalı sənədsiz və naməlum yollarla əldə olunmuş yerli və xaricdə istehsal olunan spirtli içkilər aşkar olunub. Onların bir hissəsi dərhal müsadirə edilib, digər hissəsi isə saxlanca götürülüb.
İstehlakçılara bir daha xatırladırıq ki, diqqətli olsunlar. Bu məhsulların saxta olduğu onun aksiz markalarından bəllidir. Çünki hər aksiz markası müvafiq olaraq ayrıca aksiz nömrəsi ilə nömrələnir və hər bir nömrənin təkrarı qeyri-mümkündür. Həmçinin şüşə qabların qapaqları, rəngləri onların zavod standartlarına uyğunsuzluğunu təsdiqləyir.
Qeyd edək ki, bütün hallar üzrə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən müvafiq protokollar və aktlar tərtib olunub, yerli vergi orqanları tərəfindən araşdırmalar aparılır.
Xəbərin mətnində orfoqrafik səhv var