REGİONLAR
“SAY: Cümhuriyyət” layihəsi çərçivəsində təlimlər və intellektual oyunlar keçirilib
Lənkəran, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəranda həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək-Könüllülər Düşərgəsi (SAY: Cümhuriyyət)” layihəsi çərçivəsində təlimlər və intellektual oyunlar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.
Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etmək, ümumilikdə, gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.
“SAY: Cümhuriyyət” layihəsinin ikinci günü komanda quruculuğu təlimi keçirilib. Təlimçi-ekspert Rəna Tahirova hər biri 10 nəfər olmaqla, 8 komandaya vahid komanda olmağı öyrədib. Gün ərzində komandalar arasında voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları keçirilib.
Layihənin üçüncü günü Cümhuriyyət tarixinə həsr olunub. Yazıçı-publisist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu layihə iştirakçıları ilə Cümhuriyyət tarixi barədə diskussiya aparıb.
Daha sonra layihə iştirakçıları təlim sessiyalarında iştirak edib, intellektual yarışlarda bilik və bacarıqlarını sınayıb, praktiki sessiyaya hazırlaşıblar.
Qeyd edək ki, “SAY: Cümhuriyyət” layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətini daha geniş təşviq etmək məqsədilə həyata keçirilir.