ELM VƏ TƏHSİL


SDN sistemlərinin təhlükəsizlik texnologiyaları analiz olunub

Bakı, 19 fevral, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın SDN sistemlərinin təhlükəsizlik texnologiyalarının analizi və problemlərinə həsr olunduğunu diqqətə çatdırıb.

İnstitutun əməkdaşı Orxan Mənsimzadə məruzəsində qeyd edib ki, SDN şəbəkə administratorlarına yüksək səviyyəli funksionallıqlar vasitəsilə şəbəkələri idarə etməyə imkan verir. Onun sözlərinə görə, ənənəvi şəbəkə arxitekturlarından fərqli olaraq, SDN şəbəkə idarəetmə modelini asanlaşdırır ki, bu da operatorların şəbəkəni daha rahat idarə etməsinə şərait yaradır.

O.Mənsimzadə bu texnologiyanın arxitekturasının tətbiqi, idarəetmə və məlumatötürmə səviyyələrindən ibarət olduğunu bildirib. Məruzəçinin sözlərinə görə, tətbiqi səviyyə şəbəkə operatorlarının müxtəlif tələblərinə sürətlə cavab verməyə imkan yaradır. SDN idarəediciləri üzərində işləmək üçün qurulmuş innovativ tətbiqi proqram təminatı və şəbəkə virtuallaşdırması, trafik monitorinqi, təhlükəsizliyin təkmilləşdirilməsi, yük balansı və s. kimi müxtəlif tələbləri yerinə yetirir. İdarəetmə səviyyəsi ümumi SDN funksiyalarını icra edən protokollardan ibarətdir. Bu səviyyə tətbiqi və məlumatötürmə səviyyələri arasında vasitəçidir. İdarəetmə və məlumatötürmə səviyyələri bir-biri ilə “OpenFLow”, “NetConf” və s. kimi “APİ” (Application Programming Interface, Tətbiqi Proqramlaşdırma İnterfeysi) vasitəsilə əlaqə saxlayır. O, həmçinin məlumatötürmə səviyyəsinin üstünlüklərindən danışaraq, onun şəbəkə elementlərindən və paket ötürülməsini təmin edən qurğulardan ibarət olduğunu söyləyib.

SDN-in təhlükəsizlik məsələlərindən söz açan O.Mənsimzadə şəbəkələrarası ekranın ən məşhur təhlükəsizlik mexanizmlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, şəbəkələrarası ekranlar şəbəkə trafikinin izlənilməsi və istifadəçilər, yaxud şəbəkə administratorları tərəfindən müəyyən edilmiş hər hansı meyarlara əsasən onların keçidinin və ya müdaxiləsinin təmin edilməsi funksiyasını həyata keçirir.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.