REGİONLAR
SDU-nun komandası Şən və Hazırcavablar Klubunun TV Liqasının final mərhələsinə yüksəlib
Sumqayıt, 20 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkili, eləcə də aktyorluq bacarığı olan gənclərin üzə çıxarılması məqsədilə Sumqayıt Dövlət Universitetində (SDU) lazımi şərait yaradılıb və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, SDU-nun tələbələri universitetlərarası Şən və Hazırcavablar Klubunun (KVN) yarışlarında, musiqi və şeir dərnəklərində, gənclər arasında keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edərək kuboka layiq görülürlər.
Universitetdən AZƏRTAC- a bildirilib ki, Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə 2018–2019-cu tədris ilində ali təhsil müəssisələri arasında Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun TV Liqasının 1/2 mərhələsinin II oyunu keçirilib. Liqada müxtəlif ali məktəblərin 9 komandası iştirak edib.
Yarışda Sumqayıt Dövlət Universitetini “Subaylar” komandası təmsil edib. Klubun bədii rəhbəri Məcid Hüseynovun gərgin əməyi sayəsində komanda hazırladığı səhnəciklər iştirakçıların böyük marağına səbəb oldu. SDU-nun komandası müvəffəqiyyətli çıxışına görə final mərhələsinə yüksəlib.