SİYASƏT
SEÇKİ MƏCƏLLƏSİNİN LAYİHƏSİ MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA MÜZAKİRƏ EDİLMİŞDİR
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, təhlükəsizlik və müdafiə məsələləri, aqrar siyasət, iqtisadi siyasət, regional məsələlər, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının martın 5-də keçirilmiş birgə iclasında “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”nin layihəsi müzakirə edilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası sədrinin müavini Əli Hüseynov xatırlatdı ki, Konstitusiyada seçki məsələlərinə xüsusi yer ayrılmışdır, hazırda Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərini həyata keçirmək üçün qanunlar mövcuddur. Amma cəmiyyətin inkişafı, demokratikləşmə prosesi və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər nəzərə alınaraq, seçki proseslərini nizamlayan vahid sənədin layihəsi hazırlanmış və Prezidentin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərilmişdir. Layihə Avropa Şurası, ATƏT və İFES–in təşəbbüsü ilə təşkil edilmiş konfransda müzakirə olunmuşdur. Amma bəzi müxalifət partiyaları yenə də öz iddialarından əl çəkməyərək, müzakirələrdə iştirak etməmişlər.
Deputat Fəzail Ağamalı çıxışında dedi ki, müxalifət layihənin 61 maddəsi ilə bağlı təkliflərini bildirmişdir. Lakin bunların içərisində, əslində, ciddi və əsaslı heç nə yoxdur.
Deputat Mübariz Qurbanlı Mərkəzi Seçki Komissiyasının tərkibində hakimlərin təmsil olunmasının Konstitusiya ilə ziddiyyət təşkil etdiyini bildirdi.
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova da bu fikirlə razılaşaraq, MSK-nın vaxtilə hakim işləmiş hüquqşünaslardan təşkil olunmasını təklif etdi.
Deputat Ramiz Əhmədov seçki komissiyalarında bitərəflərin iştirakına etirazını bildirdi. Onun fikrincə, komissiyalar parlamentdə təmsil edilən partiyaların nümayəndələrindən təşkil olunmalıdır.
Bitərəf deputat Novruz Quliyev xatırlatdı ki, parlamentdə 27 nəfər bitərəf deputat var və cəməiyyətin mütləq əksəriyyəti məhz bitərəflərdən ibarətdir. Digər bitərəf deputat İşmayıl Ömərov komissiyalarda bitərəflərə daha çox üstünlük verilməsini təklif etdi.
Çıxış edən digər deputatlar da layihə ilə bağlı bir sıra təkliflər söylədilər.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dedi ki, Seçki Məcəlləsi Azərbaycanda ədalətli, demokratik, şəffaf seçkilər keçirilməsi üçün real imkan yaradacaqdır. Belə bir layihənin hazırlanması sübut edir ki, onun təşəbbüskarı olan Azərbaycanın Prezidenti ölkədə möhkəm seçki sistemi qurmaq niyyətindədir. Çünki möhkəm seçki sistemi olmayan ölkədə demokratiya inkişaf edə bilməz. S.Mirzəyev seçki komissiyalarının təşkili ilə bağlı səslənən təkliflərə də aydınlıq gətirdi.
Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov müzakirələrə yekun vuraraq dedi ki, təqdim olunan layihə Azərbaycan reallıqlarına uyğundur. Onun fəlsəfəsi Azərbaycanda şəffaf, ədalətli, demokratik seçki keçirilməsi üçün şərait yaratmaqdan ibarətdir və layihə müəllifləri buna nail olmuşlar.
Həmin gün Seçki Məcəlləsinin layihəsi Milli Məclisin insan hüquqları, sosial siyasət və mədəniyyət məsələləri daimi komissiyalarının birgə iclasında da müzakirə edilmişdir.
Deputatlar layihənin parlamentin müzakirəsinə çıxarılmasını qərara almışlar.