REGİONLAR
“SEMPA” və “SemSan” müəssisələri "Made in Azerbaijan" brendi ilə ixraca hazırlaşır
Gəncə, 27 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində yerləşən “SEMPA” və “SemSan” zavodları daxili bazarı yerli məhsullarla təmin etməklə yanaşı, "Made in Azerbaijan" brendi altında ixraca da hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “SEMPA” və “SemSan” zavodlarına baş çəkib, burada istehsal edilən məhsullarla tanış olub.
“SEMPA” QSC latun və polipropilen fitinqlərin istehsalı, plastik boru və fitinqlərin satışı üzrə ixtisaslaşıb. 2005-ci ildə fəaliyyətə başlayan şirkətin məqsədi yerli xammalı Qərb texnologiyası ilə birləşdirərək dünya bazarı standartlarına uyğun yüksəkkeyfiyyətli plastik məhsullar istehsal etmək, bu məhsullarla yerli bazarın tələbatını qarşılamaq və xarici bazara "Made in Azerbaijan" brendi altında ixrac etməkdir.
Niyazi Bayramov “SEMPA” brendi ilə satışa çıxarılan polipropilen borular, müxtəlif növ və dərəcəli dirsəklər, xamutlar, dirəklər, mufta və sair məhsulların istehsal prosesi ilə tanış olub.
“SemSan” zavodu isə alüminium külçələr, latun çubuqlar, qurğuşun külçələr, sink konsentrat, santexnika məmulatları, paslanmaz polad külçələr, alüminium şinlər, dəmir və çuqundan tökmələr, müxtəlif latun profillərin istehsalı üzrə ixtisaslaşıb.
İstehsal edilən məhsulların keyfiyyəti zavodda yaradılan və regionda ilk olan polimer-sınaq laboratoriyasında yoxlanılır.
İstehsal sahəsi və istehsal edilən məhsullarla tanış olan Niyazi Bayramov zavodlarda çalışan işçilərlə görüşüb, onların iş şəraiti ilə tanış olub. Niyazi Bayramov müasir tipli istehsalat sahəsinin yaradılması və istehsal olunan məhsul çeşidlərinin artırılması istiqamətində öz tövsiyələrini verib.