SİYASƏT
ŞEYXÜLİSLAMIN GÜRCÜSTANA SƏFƏRİ
Sonra Şeyx Tbilisinin Nəbatat bağında Azərbaycanın ictimai-siyasi xadimlərinin məzarlarını ziyarət edərək, onların ruhuna dua oxumuş, Cümə məscidində yerli müsəlmanlarla görüşmüşdür.
X X X
Şeyxülislam hacı Allahşükür Paşazadə Gürcüstanın Katalikos-patriarxı II İlia ilə görüşmüşdür.
Şeyxülislamı səmimi salamlayan patriarx Qafqaz Müsəlmanları İdarəsi başçısının Tbilisidə keçirilən “Qloballaşma və sivilizasiyaların dialoqu” beynəlxalq forumunda iştirakının böyük əhəmiyyəti olduğunu, bu səfərin dövlətlərimizin, xalqlarımız və dinlərimiz arasında tarixi əlaqələrin daha bir təzahürü kimi qiymətləndirildiyini bildirmişdir.
Patriarx terrorizm və qloballaşma problemlərinə toxunmuş, qədim tarixə malik Azərbaycan və gürcü xalqlarının milli mədəni-dini dəyərlərini saxlamaq baxımından qarşıda duran vəzifələrdən söhbət açmışdır.
Şeyxülislam hacı Allahşükür Paşazadə patriarxa Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmışdır. II İlia ilə uzun illər səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu bildirən şeyxülislam dünyada bəlaya çevrilmiş terrorizmi pisləmiş, terrorçuların din amilindən istifadə etməsindən narahatlığını söyləmişdir. O, regionda münaqişələrin sülh yolu ilə həllində Azərbaycan və Gürcüstanın din xadimlərinin mövqelərinin üst-üstə düşdüyünü vurğulamış, Azərbaycanda gürcülərin, Gürcüstanda azərbaycanlıların yaşadığını xatırladaraq, xalqlarımız arasında qarşıdurma yaratmağa cəhd edənlərə birlikdə cavab verməyin vacibliyindən söhbət açmışdır.
Gürcüstanda Azərbaycan xalqına, ümummilli lider Heydər Əliyevə, ölkəmizin Prezidentinə böyük hörmət bəslənilməsindən məmnunluq duyduğunu bildirən şeyxülislam onu mötəbər foruma dəvət etdiyinə görə patriarxa bir daha minnətdarlığını bildirmişdir.
Dini başçılar terrorizmi, təcavüzkar separatizmi və ekstremizmi birmənalı şəkildə pisləmiş, insan həyatının məhvinə yönəldilmiş bu cinayətlərin müqəddəs dini dəyərlərlə bir araya sığmadığını vurğulamışlar. Bildirilmişdir ki, Qafqazı xoşbəxt gələcəyə aparan yeganə yol sülhdən, millətlər və dinlərarası əməkdaşlıqdan, dinc qonşuluq münasibətlərindən, ərazi bütövlüyünün qorunmasından, separatçılıq və təcavüz siyasətindən imtina olunmasından keçir. Yalnız bu yol Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin ədalətli həllinə gətirib çıxara bilər.
Söhbət zamanı şeyxülislam Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini patriarxın nəzərinə çatdırmış, onların həllində yardımçı olmasını xahiş etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstanın katolikos-patriarxını Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.