SİYASƏT
ŞEYXÜLİSLAM NYU-YORKA DƏVƏT OLUNMUŞDUR
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Nyu-Yorkda “Vicdana çağırış” beynəlxalq fondunun illik mükafatının təqdimetmə mərasiminə dəvət olunmuşdur. 1965-ci ildə əsası qoyulmuş, görkəmli siyasətçiləri və din xadimlərini birləşdirən fond yeni yaranan demokratiyalarda sülh, qarşılıqlı anlaşma və tolerantlıq prinsiplərini dəstəkləyir, dünyanın bir çox bölgələrində etnik zəmində münaqişələrin artdığı bir zamanda tərəfləri ədalətə, vicdanın səsinə biganə qalmamağa çağırır.
Fonda ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter, Cerald Ford, Corc Buş, Bill Klinton, sabiq dövlət katibləri Henri Kissincer, xanım Madilen Olbrayt və başqaları da daxildirlər.
Şeyxülislam Allahşükür Paşazadə həmin fondda dünya müsəlmanlarını təmsil edən yeganə din xadimidir. Onun təşəbbüsü ilə “Vicdana çağırış” fondu öz forumlarında Azərbaycanın haqq işini dəstəkləmiş, Dağlıq Qarabağ probleminin yalnız BMT-nin qətnamələri çərçivəsində həll edilməsinə tərəfdarı olduğunu dəfələrlə vurğulamışdır.
Sentyabrın 24-də Nyu-Yorkun möhtəşəm Mariot Markus mehmanxanasında keçiriləcək mərasimdə Koreya Respublikasının prezidenti Kim De Çjuna, “Simens” şirkətinin prezidenti Henrix Frayerə mükafatlar təqdim olunacaqdır.