DÜNYA
ŞİMALİ KOREYALILAR PARTLAYIŞ HAQQINDA HƏQİQƏTİ SÖYLƏDİKLƏRİNİ SÜBUT ETDİLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Pxenyandakı Rusiya, Böyük Britaniya, Çexiya, Hindistan, Monqolustan, Polşa, AFR səfirliklərinin, habelə Avropa Birliyi nümayəndəliyinin təmsilçiləri Şimali Koreyada şübhəli partlayış yerinə gedərək, yəqin etmişlər ki, buna su elektrik stansiyasının tikildiyi sahədə partlayış işləri səbəb olmuşdur. Hadisə yerində olmuş Rusiya diplomatı bildirmişdir ki, əslində, bir deyil, üç partlayış edilmişdir – ikisi sentyabrın 8-də, biri isə 9-da. Onlardan hər birinin gücü trotil ekvivalenti ilə 150 ton idi. Ayın axırına daha bir partlayış planlaşdırılmışdır.
Həmçinin məlum olmuşdur ki, koreyalılar partladılan dağ süxurlarının qırıntılarından Yanqando əyalətində su elektrik stansiyasının tikintisində istifadə edirlər. Ötən əsrin 80-ci illərində Sarı dəniz yaxınlığında nəhəng Nampxo SES-in tikintisində də məhz bu metoddan istifadə olunmuşdur.
Xatırladaq ki, sentyabrın 12-də Yanqandoda partlayışla əlaqədar peyklərdən çəkilmiş fotoşəkillər əsasında Cənubi Koreyada və digər ölkələrdə belə fikirlər söylənilmişdir ki, KXDR nüvə sınaqları keçirir. Pxenyan bunu təkzib etmiş və Qərb diplomatlarını Yanqandoya aparmağa razılıq vermişdir. Onlar sentyabrın 16-da partlayış yerinə gedərək hər şeyi öz gözləri ilə görmüşlər.