İQTİSADİYYAT


SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

Bakı, 8 avqust, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. İnteqrasiya prosesinə əsasən “Kredit Evi” QSC SİMA üzrə növbəti tərəfdaş oldu.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan sonra “Kredit Evi” QSC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Lombard Krediti” məhsulundan faydalana bilərlər. Belə ki, qızıl girovu olan müştərilər yenidən kredit əldə etmək üçün “Kredit Evi” QSC-nin mobil tətbiqi üzərindən müraciət edib və müsbət cavab aldıqdan sonra sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və daha operativ həyata keçirə bilərlər. “Kredit Evi” QSC ilə bağlı daha ətraflı məlumat almaq istəyən vətəndaşlar *2200 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Yeni nəsil rəqəmsal imzadan istifadə edərək maliyyə təşkilatları ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.