DÜNYA
SİQARET ÇƏKMƏK QADINLARDA AĞCİYƏR XƏRÇƏNGİNƏ DAHA ÇOX SƏBƏB OLUR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, siqaret çəkən qadınlar kişilərlə müqayisədə ağciyər xərçənginə daha çox tutulurlar, lakin vaxtında aparılan müalicə nəticəsində bu xəstəlik nadir hallarda ölümlə nəticələnir. Bu qənaətə gələn ABŞ alimləri tədqiqatın nəticələrini Amerika Tibb Assosiasiyasının jurnalında dərc etdirmişlər. Tədqiqatda yaşı 40-dan çox olan siqaretçəkən və əvvəllər onkoloji xəstəliklərə məruz qalmayan 7498 qadın və 9427 kişi iştirak etmişdir. Bu adamlar 1993-2005-ci illərdə ağciyər xərçəngi müayinəsindən keçmişlər.
Tədqiqat zamanı ağciyər xərçəngi qadınların 2,1 faizində, kişilərin isə 1,2 faizində aşkar olunmuşdur. Beləliklə, tədqiqat qrupundakı qadınlarda ağciyər xərçənginin inkişafı ehtimalı 90 faiz yüksək olmuşdur, lakin onlarda ağciyər xərçəngi oxşar diaqnozlu kişilərlə müqayisədə ölümlə 48 faiz az nəticələnmişdir.
Bu qanunauyğunluğun səbəbləri aydınlaşmamış qalır. Hesabat müəlliflərinin fikrincə, yüksək riskin və xəstəliyin ləng inkişafının daha sağlam həyat tərzi, hormonal xüsusiyyətlər, yaxud siqaretçəkmənin davamiyyəti və tərzi ilə müəyyənləşməsi istisna deyildir.