SİYASƏT
SİYASİ MƏĞLUBİYYƏTİNİ BƏRİ BAŞDAN GÖRƏN MÜXALİFƏT ÖZÜNÜ SIĞORTALAMAQ ÜÇÜN QAZDIĞI BÖHTAN QUYUSUNA ÖZÜ DÜŞƏCƏKDİR BAKI DÖVLƏT UNİVERSİTETİ PROFESSOR-MÜƏLLİM VƏ TƏLƏBƏ HEYƏTİNİN AZƏRTAC-A GÖNDƏRDİYİ BƏYANATIN MƏĞZİNİ QISACA BELƏ İFADƏ ETMƏK OLAR
Azərbaycan xalqının yetirdiyi ən böyük siyasi xadimlərdən biri, dünya şöhrətli siyasətçi Prezidentimiz Heydər Əliyevin Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müayinədən keçməsi ətrafında dağıdıcı müxalifətin apardığı qeyri-insani, heç bir etik çərçivəyə sığmayan böhtan kampaniyası bizi - Bakı Dövlət Universitetinin çoxminlik kollektivini də ciddi narahat edir. Biz dövlətimizin başçısı haqqında hədyanlar söyləyən və iftira, böhtan yaymaq yolu tutmuş adamlara öz sözümüzü deməli və onlara layiq olduqları yeri göstərməliyik.
Bəli, Azərbaycanda bu ilin oktyabrında prezident seçkiləri keçiriləcək və xalqımız bu seçkilərdə öz sözünü deyəcəkdir. Dağıdıcı müxalifət unutmasın ki, pisi-yaxşıdan, əyrini-düzdən seçməyi bacaran xalqımız bu seçkilərdə yenə də Heydər Əliyevin 1993-cü ildə başladığı siyasi kursu dəstəkləyəcəkdir.
Bu gün kürsü əldə etmək iddiasına düşənlərin hakimiyyətdə olduğu dövrü yaxşı xatırlayırıq. Azərbaycan ziyalılarına, alimlərinə etdikləri hörmətsizlik yadımızdan çıxmayıb. Silahlı dəstə ilə universitetin auditoriyalarına, iclas salonlarına daxil olaraq hədə-qorxu ilə nəyəsə nail olmaq cəhdlərini də unutmamışıq. Tariximizin həmin ağır illərində Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaqdan və məhv olmaqdan məhz Heydər Əliyev xilas etdi. Bu, tarixi reallıqdır və heç vaxt biz bu reallığı yaddan çıxara bilmərik.
Bu gün müxalifətin əlində olan “Yeni Müsavat”, ”Hürriyyət”, ”Azadlıq”, “Yeni Zaman” və digər qəzetləri qıcıqlandıran da, şər-böhtan kampaniyası aparmağa sövq edən də Heydər Əliyev siyasətinin cəmiyyətdə aparıcı mövqedə olmasıdır. Sübhəsiz ki, siyasi məğlubiyyətini əvvəlcədən görən müxalifət haray-qışqırıq salır, cəmiyyətdə pozuculuq fəaliyyəti aparır, əli hər yerdən üzüləndə isə Prezidentimizin müayinəsi ilə bağlı uydurmaları dövriyyəyə buraxır. Onlara Türkiyənin Star televiziyası və eyniadlı qəzeti də dəstək verirdi. Təxribatçı hərəkətlərinə, yalanlar və böhtanlar söylədiyinə görə, “Star” qrupuna daxil olan 4 televiziya bir aylıq müddətə bağlanmışdır.
Üstəlik, Azərbaycan Prezidentinin səhhəti ilə bağlı uydurmalara yol verdiyinə, təhqiramiz ifadələrə görə həmin televiziyaları və qəzeti, onların müəyyən siyasi qüvvələrin əlində alətə çevrilən müxbirlərini daha sərt cəzalar gözləyir. Star televiziyasının rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Bu sayaq təxribatçı hərəkətləri ölkəmizdə davam etdirən müxalifət qəzetlərinin isə sudan quru çıxması yolverilməzdir. Həmin mətbuat orqanlarına qarşı qanunlar bütün sərtliyi ilə tətbiq edilməlidir. Çünki cəzasızlıq mühiti onları daha da azğınlaşdırır.
Biz, həmin mətbuat oqranlarının apardıqları şər-böhtan kampaniyasını bir daha qətiyyətlə pisləyir və müvafiq orqanlardan tədbirlər görülməsini tələb edirik. Bütün varlığımız, taleyimiz, siyasi və ictimai intibahımız, yüksək inkişafımız xalqımızın dahi rəhbəri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün möhtərəm Prezidentimizin apardığı siyasi kursun layiqli davamçısı da vardır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin qurumun sədr müavini və Büro üzvü İlham Əliyevin apardığı məqsədyönlü iş xalqımız tərəfindən təqdir edilir. Universitetimizin kollektivi onu Azərbaycanın gələcək lideri görməkdə haqlıdır. Bütün bunları görməyən və dərk etməyən insanlar bədbəxtdirlər. Özünə hörmət edən hər bir azərbaycanlı Prezidentimizin şərəf və ləyaqətinin qorunmasını hər şeydən üstün tutmalıdır. Heydər Əliyevi – bizim böyük ağsaqqalımızı təhqir edən, onun haqqında şər və böhtan yazan şəxslərlə biz ziyalılar heç vaxt barışa bilmərik. Prezidentimizə isə ulu Tanrıdan möhkəm cansağlığı diləyir, onu tezliklə Vətəndə görmək arzularımızı bildiririk.
Bir daha bəyan edirik ki, qarşıdan gələn prezident seçkilərində biz öz seçimimizi etmişik. Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası bu prezident seçkilərində Heydər Əliyevi dəstəkləmək barədə yekdilliklə qərar çıxarmışdır. Bu seçkilərdə Heydər Əliyevin qələbə çalacağına heç bir şübhəmiz yoxdur. Universitetimizin kollektivi hər zaman möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.
Bəyanat Bakı Dövlət Universiteti
professor-müəllim heyətinin və tələbə
kollektivinin 31 iyul 2003-cü il tarixli
toplantısında qəbul edilmişdir.