İQTİSADİYYAT
“SİYƏZƏNNEFT”İN YATAQLARINDA YENİ QUYULAR QAZILIR
“Siyəzənneft” Neft-Qazçıxarma İdarəsinin istismar fondunu zənginləşdirmək və neft-qaz hasilatını artırmaq məqsədilə yeni quyular qazılır. Hazırda Siyəzən Qazma İşləri İdarəsinin kollektivi Zeyvə-Zağlı yatagında 1708 nömrəli istismar quyusunu qazmağa başlamışdır. Qazmaçılar quyunu cari ilin birinci yarısında neftçilərə təhvil vermək niyyətindədirlər.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublika ərazisinin şimal qanadında yerləşən yataqlarda –“Çandahar”, “Saadan”, “Siyəzən-Nardaran”, “Zeyvə-Zağlı”, “Şurabad” və “Əmirxanlı”da kifayət qədər nef-qaz ehtiyatı vardır. Ona görə də kəşfiyyat-axtarış quyuları vurmaqla yanaşı, birbaşa istismar quyuları da qazılır. İndi qazmaçılar perspektivli struktur sayılan “Şurabad” yatağında hər iki istiqamətdə iş aparırlar. Avadanlıq təchizatında heç bir problem olmadıgı üçün boşdayanmalara yol verilmir. Bu da quyuların nəzərdə tutulan vaxtda istismara verilməsi üçün real zəmin yaradır.