SİYASƏT
SİZİN DOĞMA EL-OBA HƏSRƏTİNİZİ, AĞIR VƏZİYYƏTİNİZİ BAŞA DÜŞÜRƏM
AVROPA ŞURASININ BAŞ KATİBİ VALTER ŞVİMMER BU SÖZLƏRİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜNDƏ DEMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qonağa, burada Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı, Kəlbəcər, Laçın rayonlarından didərgin düşmüş 220-dən artıq ailənin yaşadığı barədə məlumat vermişdir. O demişdir ki, artıq bir neçə ildir ki, dövlətimiz çadır şəhərciklərində yaşayan məcburi köçkünlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər görür. Əli Həsənov həmin tədbirlər barədə ətraflı danışmışdır.
Valter Şvimmer Cəbrayıl rayonundan olan məcburi köçkün Ehtiram Abdullayevin, Namiq Əliyevin, Füzuli rayonundan Rasim Nərimanovun “mənzillərində” olmuş, onların ailə üzvləri ilə söhbət etmişdir.
Sonra baş katib həyətdə xeyir-şər üçün nəzərdə tutulmuş tikilidə müxtəlif rayonları təmsil edən məcburi köçkünlərlə görüşmüşdür. Ağdamlı Nina Şatkova, şuşalı Vladimir Leskoviç, cəbrayıllı Həsən Əhmədov çıxış etmişlər. İstər “mənzil” sahibləri, istərsə də görüşdə çıxış edənlər Avropa Şurasının baş katibinə acınacaqlı vəziyyətlərinin yüngülləşdirilməsi üçün dövlətin gördüyü işlər barədə məlumat verməklə yanaşı, tələb etmişlər ki, sivil Avropa təcavüzkar Ermənistanla işğala məruz qalmış Azərbaycanı eyniləşdirməsin, ikili standartlara son qoyulsun. Ermənistana kömək edən, onun arxasında duran dövlətlər bilsin ki, Azərbaycan gündən-günə güclənir, onun ordusunun qüdrəti artır. Xalqın isə səbri sonsuz deyildir. Biz torpaqlarımızı hər vasitə ilə azad etməyə hazırıq.
Avropa Şurasının baş katibi demişdir ki, sizin doğma el-oba həsrətinizi, ağır vəziyyətinizi başa düşürəm. On bir ildir ki, öz doğma yerlərinizdə yaşamırsınız. Çox kədərləndirici və məyusedici faktdır. Münaqişəni tezliklə həll etmək lazımdır. Qaçqınlar və məcburi köçkünlər öz yerlərinə qaytarılmalıdır. Bu, insanların fundamental hüququnu bərpa etmək deməkdir. Bundan ötrü dialoq, qarşılıqlı anlaşma tələb olunur. Vaxtilə Avropada bir-birinə düşmən kəsilmiş xalqlar, dövlətlər bu gün dostlaşmışlar. Biz Qafqaz regionunda da buna nail olmalıyıq. İnsanlar sülh şəraitində yaşamalıdırlar. Bu, Avropa Şurasının prinsipidir. Siz çox gözləmisiniz. Məsələ tezliklə həll olunacaqdır.
Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev iştirak etmişdir.