İQTİSADİYYAT


SOCAR 2021-ci ildə qazma işlərini azaldacaq

Bakı, 12 noyabr, AZƏRTAC

SOCAR-ın rəhbərliyi “OPEC+” çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılmasından irəli gələn məsələləri müzakirə edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İB-nin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə “OPEC+” razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə olunub.

Qeyd edilib ki, hasilat məhdudlaşdırıldığına görə şirkətin əsasən qurudakı istehsalatlarında hasilat dayandırılıb. Həmin sahələrdə faktiki olaraq, fəaliyyətsiz qalmış işçilərin qüvvəsindən səmərəli istifadə etmək məqsədilə şirkətin əsas istehsalat bölmələri olan “Azneft” İB, Kompleks Qazma İşləri Tresti və bir sıra digər idarələrdə işçilərin səriştəliliklərinin qiymətləndirilməsi və inkişafı proqramı həyata keçirilib. Səriştə qiymətləndirilməsinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsini və istedadını müəyyən etmək və hər işçinin potensialına uyğun təlimlərin təşkilidir. İclasda bildirilib ki, bu günə qədər test üsulu ilə “Azneft” İB-nin 4778, Kompleks Qazma İşləri Trestinin 1932 işçisinin səriştəliliyi qiymətləndirilib. Pandemiya ilə əlaqədar onlayn formatda keçirilmiş 177 təlim-vebinarda isə SOCAR-ın 13 min 342 əməkdaşı iştirak edib. Aparılan sorğuya əsasən, onların 94 faizi şirkətin sertifikatlı təlimçiləri tərəfindən həyata keçirilmiş təlimlərdən məmnun qaldıqlarını bildiriblər.

Toplantıda o da qeyd olunub ki, xərclərin minimuma endirilməsi məqsədilə qazma işlərinin 2021-ci ildə də azaldılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür.

İclasın sonunda SOCAR-ın prezidenti R.Abdullayev şirkət işçiləri arasında hərbi xidmətə səfərbər edilən qazilərə və şəhid ailələrinə bütün lazımi maddi və mənəvi dəstəyin göstərilməsinin zərurətini vurğulayaraq müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.