İQTİSADİYYAT
SOCAR 28-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Bakı, 30 avqust, AZƏRTAC
SOCAR-ın sayca 28-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
AZƏRTAC “SOCAR PETROLEUM” QSC-yə istinadla xəbər verir ki, Bakının Pirallahı rayonu, Pirallahı qəsəbəsində “SOCAR” brendi ilə sayca 28-ci YDM-in açılış mərasimi olub. Tədbirdə “SOCAR PETROLEUM”un baş direktoru Toğrul Seyidov, QSC-nin əməkdaşları və Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış olub. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN ödəniş” terminalı, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 3 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Məntəqədə 20 nəfərə yaxın işçi çalışır.