İQTİSADİYYAT
“SOCAR-AQŞ” daha bir quyuda qazma işlərini yekunlaşdırıb
Bakı, 27 iyul, AZƏRTAC
“SOCAR-AQŞ” şirkəti “Günəşli” yatağındakı 11 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 4094 metr olan 30 saylı quyunun tikintisini yekunlaşdırıb.
“SOCAR-AQŞ”nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qirməki altı lay dəstəsinə (QAD) qazılan quyunun inhirafı 1328 metr təşkil edir. Quyuya istismar kəməri endirilib, sementlənib və kipliyi yoxlanılıb.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının, maili istiqamətləndirilmiş quyuların, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.