ELM VƏ TƏHSİL
“SOCAR-AQŞ”-də akademik Xoşbəxt Yusifzadənin həyatından bəhs edən "Fədakar" filmi nümayiş olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
“SOCAR-AQŞ”-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətinə həsr olunmuş “Fədakar” filminin təqdimatı keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənilməsində böyük əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin fəaliyyətinin hər bir gənc azərbaycanlı neftçi üçün örnək olduğunu deyib. “Xoşbəxt müəllim bu gün də eyni əzmkarlıq, eyni həvəslə öz istehsalat işlərini davam etdirir, müxtəlif tədbir və konfranslara sədrlik edərək öz dəyərli məsləhət və təhlillərini neftçilərlə bölüşür. Azərbaycan neft-qaz sənayesinin canlı ensiklopediyası olan Xoşbəxt müəllimlə söhbət etmək, onun tövsiyələrini dinləmək hər bir neftçi üçün unudulmaz tarixi ana çevrilir”, - deyə R.İsayev qeyd edib.
Neftçilərin qarşıdan gələn peşə bayramı ərəfəsində nümayiş olunan “Fədakar” filmini “SOCAR-AQŞ”-nin işçi heyəti ilə birgə müəssisədə Yay İstehsalat Təcrübəsi keçən müxtəlif ali təhsil məktəblərinin 17 tələbəsi də izləyib.
Filmin nümayişi tələbələrdə böyük təəssürat yaradıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji kəşfiyyat fakültəsinin 4-cü kurs tələbəsi Cavid Həsənov təəssüratlarını bölüşərək bildirib ki, görkəmli akademikin məzunu olduğu elm ocağının tələbəsi olmaqla fəxr edir. O deyib: “Filmdə bir sıra çəkilişlər bizim universitetin mühazirə otaqlarında və yataqxanasında lentə alınıb. Biz filmi böyük ruh yüksəkliyi ilə izlədik”.
Müəssisənin baş direktoru R.İsayev bildirib ki, “SOCAR-AQŞ”-də yeni çalışmağa başlayan gənc əməkdaşlar və təcrübəçilər üçün “Fədakar” filmi vaxtaşırı olaraq nümayiş olunmalı və görkəmli neftçinin fəaliyyəti daim gənc nəslə aşılanmalıdır.