ELM VƏ TƏHSİL


SOCAR AQŞ-də tələbələrin Yay İstehsalat Təcrübəsi Proqramı başa çatıb

Bakı, 11 oktyabr, AZƏRTAC

SOCAR AQŞ-nin Yay İstehsalat Təcrübəsi Proqramı çərçivəsində cari ilin iyul-avqust aylarında müəssisənin struktur bölmələrində istehsalat təcrübəsi keçən tələbələrin yay təcrübəsi başa çatıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, bu il daxil olan 1500 müraciətə əsasən ilkin seçim mərhələsini, həmçinin test və müsahibə mərhələlərini uğurla keçən 35 tələbə SOCAR AQŞ-də iki aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisədə gedən iş prosesi ilə yaxından tanış olaraq stasionar özüllərdə istismarda olan yeni nəsil qazma qurğuları, onlara nəzarət və idarəetmə sistemlərini, texnoloji prosesləri öyrəniblər.

Təcrübə proqramının yekun təqdimat mərasimində iştirak edən müəssisənin baş direktoru Ramin İsayev proqramın əhəmiyyətindən danışıb: “SOCAR AQŞ ixtisasını sevən, təşəbbüskar, yaradıcı və yüksək ixtisas biliklərinə sahib gənclər üçün müəssisənin müxtəlif struktur bölmələrində təcrübə keçmək imkanı yaradır. Hər il yerli universitetlərlə yanaşı, Avropa və Asiyadan onlarla ali təhsil müəssisələri öz tələbələrinin SOCAR AQŞ-də istehsalat təcrübəsi keçməsi üçün yeni əməkdaşlıq təklifləri ilə çıxış edirlər. Bu günlərdə müəssisə 2018-2019-cu il müddəti üçün Davamlı Təhsil və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tərəfindən “İlin Ən Nümunəvi Təlim Şirkəti” mükafatına layiq görülüb. Qlobal səviyyədə təqdir olunmağımız istehsalat təcrübəsi proqramının beynəlxalq standartlara söykənərək mükəmməl təşkilinin bariz nümunəsidir”.

Mərasimdə tələbələr arasında SOCAR AQŞ-də biznes proseslərinin və xərclərin optimallaşdırılması məqsədilə müsabiqə keçirilib. Müsabiqənin mükafat fondu ümumilikdə 2350 manat təşkil edib. İstehsalat təcrübəsi keçmiş tələbələr 7 komandada birləşərək qrup təklifləri ilə münsiflər heyəti qarşısında çıxış ediblər. Qalib komandalar mükafatlara layiq görülüblər.

Sonda istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.