İQTİSADİYYAT


SOCAR Almaniyanın “EWE” şirkətinin Türkiyədəki törəməsinin səhmlərini almaq üçün təklif verib

Bakı, 2 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Almaniyanın nəhəng “EWE AG” şirkətin törəməsi “EWE Turkey”in səhmlərini almaq üçün təklif verib.

AZƏRTAC xəbər verir ki, bu barədə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib.

STEAŞ-ın baş direktoru şirkətin Türkiyədəki investisiya zəncirini neft-kimya, emal və təbii qaz kimi şaxələndirdiklərini və bu zənciri başa çatdırmaq üçün “EWE Turkey”in səhmlərini almaqla bağlı təklif verdiklərini bildirib.

“Təbii qazın topdansatışı bizim Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq sahələrdən biri olacaq. “EWE Turkey”in illik 1 milyard kubmetrlik təbii qazın topdansatışını həyata keçirmək tutumu var, lakin bu həcm bizim üçün kafi deyil. Bizim “Petkim” və “Star” neft emalı zavodunda təxminən 3,5-4 milyard kubmetrlik istehlakımız olacaq. Bu da Türkiyənin ümumi qaz istehlakının 7-8 faizinə bərabərdir. Ona görə də hazırkı prioritetimiz təbii qazın paylanmasını öz işlərimizə inteqrasiya etmək, 2019-cu ildə isə bu inteqrasiyası reallaşdırmaqdır. Yanacağın topdansatışı üzrə də şirkət almaq planımız var, lakin bu, hazırkı prioritetimiz deyil. Satışda olan şirkətlər var, ancaq bizə 150-200 yanacaqdoldurma məntəqəsi olan şirkət kifayət etmir. Buna görə də biz böyük şirkət alacağıq və hələ ki vaxtımız var. “Star” neft emalı zavodu 2019-cu ildə tam gücü ilə işləyəcək. Hesab edirəm ki, biz də 2020-ci ildə yanacağın pərakəndə satışına daha çox diqqəti yönəldəcəyik”, - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, Almaniyanın ən böyük şirkətlərindən olan “EWE AG” 2007-ci ildə daxil olduğu Türkiyənin enerji bazarından çıxmağa hazırlaşır. “EWE AG”nin qardaş ölkədə “Bursaqaz”, “Kayseriqaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” olmaqla beş böyük şirkətə sahib olan törəmə şirkəti “EWE Turkey”nin səhmləri 200-250 milyon dollar qiymətləndirilir. “EWE Turkey”in səhmlərinin alınması ilə bağlı sərmayədarla aparılan danışıqlar başa çatmaq üzrədir. Bu məsələdə SOCAR-ın əsas rəqibi son dövrlərdə enerji sahəsinə sərmayələr yatıran “Kolin” şirkətidir. “EWE Turkey” şirkəti Türkiyənin ən böyük topdansatış portfelinə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.