İQTİSADİYYAT


SOCAR: Cari ildə “Azərikimya”da propilen satışı nəzərdə tutulmayıb

Bakı, 5 fevral, AZƏRTAC

“Azərikimya” İstehsalat Birliyinin (İB) 2019-cu il ixrac coğrafiyasında propilen satışı nəzərdə tutulmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, ötən ilin sentyabrından propilen “SOCAR Polymer”ə polipropilenin istehsalı üçün verilir. Cari ildən İB-də etilen ixracı da azalacaq. Bu məhsul da “SOCAR Polymer”ə aşağı təzyiqli polietilen istehsalı üçün göndəriləcək.

Xatırladaq ki, ötən il iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. “SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal edilir.

“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin olunub.

Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. “SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.